İraqdan Azərbaycana təhvil verilən 38 uşaqla bağlı - Rəsmi açıqlama
2021-ci ilin 28 oktyabr tarixində İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.
Sabah.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub.
İlk növbədə repatriantların olduğu yer və AR vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar AR-ə qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından AR vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib. İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.
Nəticədə Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə repatriasiyası həyata keçirilib.
Azərbaycana gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər AR vətəndaşının İraqdan repatriasiyasına müvəffəq olunub.
Daha çox