“Məni İcra Hakimiyyətində qəbul etmirdilər” - İntihara cəhd edən şəhid anası

ÖLKƏ
10:10
27 Oktyabr 2021
1046

Ötən gün Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın intihara cəhdi ilə bağlı onun valideyni açıqlama verib.

Sabah.az xəbər verir ki, V. Məmmədovanın anası Almaz Məmmədova Baku TV-yə  bildirib ki, intihara cəhdin səbəbi kirayə haqqını ödəyə bilməməkləridir.

O qeyd edib ki, qızı dəfələrlə iş üçün müraciət etsə də, ona kömək edən olmayıb:

“Kirayədə yaşayırıq. Qızım altı aydır ayaq döyür, deyirlər, get, iş yoxdur. Deyir, heç olmasa, məni İcra Hakimiyyəti qəbul eləsin, 1 metrlik yer alım, ailəmi dolandırım. Anam səhər ölsə, mənə kim baxacaq?...”

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Qadın üzləşdiyi problemi onun da diqqətinə çatdırıb. Bildirib ki, onu İcra Hakimiyyətində qəbul etməyiblər. Şəhid anası icra başçısı tərəfindən qəbul olunmağı xahiş edib.

Qeyd edək ki, şəhid anasının ötən gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etdiyi bildirilir. Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyəti normaldır.

Xəbər lenti