Bakının bir rayonunda narkotik satan 48 nəfər tutuldu - Video

XƏBƏR
17:20
22 Oktyabr 2021
647

Bakının bir rayonunda narkotik dövriyyəsinə görə 48 nəfər saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonunun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 48 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.

Əməliyyat zamanı əvvəlcə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Radik Mamedov və Anar Cəbiyev saxlanılıblar. Radik Mamedovun üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqram 496 qram heroin, 99 qram tiryək və 19 qram metamfetamin, Anar Cəbiyevdən isə 110 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslər paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.

Digər əməliyyat zamanı isə Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rahid Zeynalov da saxlanılıb. Onun üzərinə baxış zamanı heroin aşkar edilib. Ətrafında araşdırma aparılan zaman Rahid Zeynalovun paytaxt ərazisində 15 evdən oğurluq etdiyi də məlum olub.

Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə  məşğul olan 14 nəfər – Mirdamət Ağayev, Rinat Bəbirov, Anar Əsgərov, Elmir Paşayev, Samir Bağırov, qohumu Vaqif Bağırov, Elnur Qurbanov, Nicat Hüseynov, Elçin Seyidov, Fuad Ruma, Rəşadət Nuriyev, Məcid Həsənov, Elçin Səfərov və Əhməd Əliyev saxlanılıblar.  Onların üzərində şəxsi axtarış və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Əmircan və Bülbülə qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər - paytaxt sakinləri Şəhriyar Zülfüqarzadə, Tural Şahmuradov, Nicat, Elvin və Qərib Məmmədovlar, Murad Babayev, Ruslan Hüseynli, Əmrah Osmanov, İslam Səlimov, Sübhan Mustafazadə, Əli Ağayev, Aslan İslamov, Röyal Məmmədli, Cavanşir Axundov və Kənan Sadıqov saxlanılıblar.

Yeni Günəşli, Qaraçuxur və digər ərazilərdə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 26 nəfər - Orxan Quliyev, Elvin Məmmədov, Ramil Cəfərov, Elçin Babayev, İlyas Kazımov, Əhliman Babayev, Rafiq Quliyev, Rəşad Hacıyev, Bəxtiyar Alışov, Qərib Məmmədov, Eşqin Haqverdiyev, Yalçın Əliyev, Vüsal Kazımov, Rafiq Məmmədov, Elməddin Əsgərov və Fərman Axundov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.

Xəbər lenti