Suqovuşandan Kəlbəcərə gedən mülki avtomobil karvanı atəşə tutuldu - Fotolar

ÖLKƏ
16:51
13 Oktyabr 2021
772

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan  avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Sabah.az Müdafə Nazirliyinə istinadən xəbər verir ki, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Ölən və yaralanan yoxdur.

Azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir.

İnsidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib.

Xəbər lenti