Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
Prezident İlham Əliyev Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, sərəncam Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılmasında və yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin təqdirəlayiq xidmətləri nəzərə alınaraq imzalanıb.
Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncamda qeyd edilib ki, 2021-ci ildə Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Müseyib oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Kamil Əliyev bütün ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib.
Daha çox