DSX iranlı generala rəsmi cavab verdi

ÖLKƏ
11:21
11 Oktyabr 2021
1487

“Son günlərdə İran İslam Respublikasının kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib”.

Sabah.az xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir.

DSX rəsmi olaraq bildirir ki, Azərbaycanın dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq:

“Azərbaycan ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azər­baycan Respublikasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xidmətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası əra­zisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməmiş, hər hansı fakt təqdim olunmamışdır.

Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq”.

Xəbər lenti