“Yaxşı oğlanın anası 2-ci dəfə evlənməz” dediyinə görə dostunu öldürüb

ÖLKƏ
10:27
9 Oktyabr 2021
1553

Bu ilin yanvarında Şəmkirdə həmyaşıdını bıçaqlayaraq öldürən 17 yaşlı yeniyetmənin cinayət işi ilə bağlı detallar bəlli olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş üzrə aparılan məhkəmə araşdırmasında məlum olub ki, R.Hüseynov tanışı Əhliman Tağıyevi anasının ünvanına dediyi ifadələrə görə öldürüb.

R.-nin anası ikinci dəfə ailə qurubmuş. Ə.Tağıyev R.Hüseynovla ortaq dostlarına “R.-lə dostluq etmək məsləhət deyil”, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz”, “R.-ə salam verən mənə salam verməsin” kimi sözlər deyib. Bunu öyrənən R.Hüseynov Əhliman Tağıyevi bıçaqlayaraq öldürüb.

Məhkəmədə dindirilən R.Hüseynov özünü qismən təqsirli bildiyini deyib:

“Ofisiant işlədiyim restoranda Əhlimanla münasibətimiz yarandı. 2020-ci ilin yayında aramızda narazılıq olub. Onun qohumundan xoşum gəlirdi. Mən də həmin qıza instaqramdan tanışlıq məqsədilə mesajlar yazmışdım. Həmin qız bu barədə Əhlimana dediyinə görə aramızda narazılıq yaranmşdı”.

Həmin vaxtdan sonra Ə.Tağıyevlə R.Hüseynov arasında münasibətlər korlanıb:

“Bir dəfə Əhliman dostumuz Nəzmini kənara çəkərək mənimlə dostluq etməyin məsləhət olmadığını deyib. Öyrəndim ki, mənim barəmdə “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz”, “R.-ə salam verən mənə salam verməsin” kimi sözlər deyib. Əhliman dəfələrlə uşaqların yanında anamın ikinci dəfə ailə qurmasına görə məni təhqir edib. Bu barədə onun özünə mesaj yazdım. Əhliman cavab olaraq mənə ana- bacı söyüşü söydü”.

Bundan sonra Ə.Tağıyevin Məmməd adlı dostu R.Hüseynova zəng edərək aralarında olan mübahisənin doğru olmadığını, bir yerdə çay içib söhbətin bağlanmasını, münaqişənin mehribançılıqıa bitməsini xahiş edib. Bu məqsədlə 5 yanvar 2021-ci il tarixdə görüş planlaşdırılıb. Lakin görüş vaxtı yenidən münaqişə yaranıb.

“Həmin gün Əhliman yenə zəng edib mənə ana-bacı söyüşü söydü. Məmməd mənə Əhlimanın üzərində bıçaq ola biləcəyini dedi. Bir az sonra Əhliman, Məmməd, Sənan, Aydın və Həsən görüşdük. Əhlimanı qorxutmaq üçün üzərimdəki bıçağı çıxardım, ona bir bıçaq zərbəsi vurdum”, - deyə təqsirləndirilən şəxs qeyd edib.

Qeyd edək ki, Ə.Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib. R.Hüseynov hadisəni törədərkən 17 yaşında olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Xəbər lenti