Balakəndə şəhərin mərkəzində ayı göründü - Video+Yenilənib

ÖLKƏ
11:44
8 Oktyabr 2021
1281

Bu gün Balakənin Mahamalar kəndində qonur ayı balaları görünüb. Görüntülərdən də aydın olur ki, ayılar avtomobillərin qarşısı ilə küçə boyu qaçırlar.

Sabah.az xəbər verir ki, AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov “Qafqazinfo”ya bildirib ki, ayı balaları bu gün səhər saatlarında görünüb. Hər iki qonur ayı baladırlar və bu vaxtlar qış yuxusuna getməyə hazırlıq üçün dağdan kəndə eniblər:

“Maşınlar bu heyvanları qabağına qatıb qovlayırlar. Əslində onlar bu heyvanlara dəyməsələr, özləri çıxıb gedəcəklər. Ayılar qış yuxusundan əvvəl daha çox karbohidrat qidasına keçirlər, çünki şirəli meyvələri yeyəndə bədəndə piyə çevrilir və qış yuxusuna gedirlər. Balakəndə çoxlu bağlar var, hətta şabalıdı da  yağlanmaq üçün yeyirlər. Ona görə də kəndlərə yaxın yerlərə gəlirlər”.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədovanın verdiyi məlumata görə, bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində müşahidə olunur:

“Qeyd edim ki, videogörüntülərdəki heyvanlar bala ayılardır. Ehtimal olunur ki, balalar kəndə yaxın meşəlik ərazidən yollarını azaraq kəndə daxil olublar. Hazırda meyvənin bol olduğu bir mövsüm olduğu üçün və ayılar da meyvələrlə qidalandığına görə, qida axtarışında olduqları güman edilir.

Belə olan halda bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək olmaz. Çünki bu zaman heyvanlar aqressivləşə və stresə düşə bilər. Müdaxilə olunmadığı halda isə onlar ərazini sakit şəkildə tərk edəcəklər. Bu baxımdan insanlardan xahiş edirik ki, vəhşi heyvanların olduğu əraziyə yaxınlaşmasınlar, daha duyarlı və həssas davransınlar”. 

Xəbər lenti