Azərbaycan ilə ÜST arasında saziş imzalandı - Fotolar

GÜNDƏM
17:37
13 Mart 2020
74

Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.

Sabah.az xəbər verir ki, sözügedən donor sazişi dünyada koronavirus epidemiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Azərbaycan hökumətinin ÜST-ə könüllü maliyyə yardımının ayrılması barədə 6 mart 2020-ci il tarixli qərarına əsasən imzalanıb.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST Baş direktoru Tedros Gebreyesus tərəfindən imzalanmış donor sazişi Azərbaycan hökuməti tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVİD-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı, ÜST Baş direktoru Azərbaycan Hökuməti tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmiz tərəfindən səhiyyə sektoruna, xüsusilə hazırda COVİD-19 virusu ilə mübarizəyə yönəlmiş diqqət və qayğının, həyata keçirilən bütün lazımı ehtiyat  tədbirlərinin ÜST tərəfindən diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini bildirib. ÜST Baş direktoru Azərbaycan tərəfindən COVİD-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, ÜST  adından Azərbaycan hökumətinə verilmiş bu qərara görə dərin minnətdarlığını ifadə edib.

V.Sadıqov Azərbaycanda səhiyyə sahəsində və COVİD-19 virusu ilə mübarizədə görülən işlər və həyata keçirilən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Daimi nümayəndə Azərbaycan tərəfindən ÜST-ün qlobal miqyasda COVİD-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, COVİD-19 virusu ilə bağlı ÜST-ün tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığını və tətbiq edildiyini nəzərə çatdırıb.

Xəbər lenti