Eldar Həsənovun vəsatəti təmin edilməyib

XƏBƏR
14:47
17 Sentyabr 2021
915

Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.

Hakim Əfqan Hacıyev isə cavab olaraq bildirib ki, bununla bağlı həkimlərin və ekspertlərin müvafiq rəyi olmalıdır.

Daha sonra Eldar Həsənov iş üzrə ifadə verməyə başlayıb.

Vəkil Cavad Cavadov təqsirləndirilən Eldar Həsənovun səhhətində ciddi problemlərin olmasını və vəziyyətinin pisləşməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.

Vəsatət təmin edilməyib.

Prosesdə fasilə elan olunub.

Cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilməyib.

Prosesin sentyabrın 20-nə təxirə salındığı elan olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti