Səhiyyə Nazirliyi peyvənd olunmaq istəyən vətəndaşlara müraciət etdi

ÖLKƏ
11:12
24 Avqust 2021
984

Səhiyyə Nazirliyi koronavirus əleyhinə peyvənd tətbiq olunan poliklinikalarda yaranan növbələrə aydınlıq gətirib. 

Sabah.az xəbər verir ki, nazirlikdən verilən məlumatda bildirilir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

“Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur.

Peyvənd məntəqəsindəki tibb işçilərinin vəzifəsi onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir. Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən  tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək”,- deyə qeyd olunub.

Belə halların baş verməməsi üçün vətəndaşlardan  koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürmələri və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti