“3-cü qrupda keçid balları yüksək olacaq”
“3-cü qrupda müsabiqə balları daha yüksək olacaq”.
Sabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə feysbukda canlı yayım zamanı II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışarkən bildirib.
M.Abbaszadə qeyd edib ki, 3-cü qrupda 600 baldan yuxarı 617 nəfər nəticə göstərib. Keçən il isə 555 nəfər belə nəticə göstərib. Bu o deməkdir ki, reytinqi yüksək olan yerlərdə müsabiqə ağırlaşacaq:
“Keçən il 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 2714 nəfər olub. Bu il eyni nəticə göstərənlərin sayı 150 nəfər çoxdur.
Keçən il 400 baldan yuxarı toplayan abituriyentlərin sayı 6232 nəfər idisə, bu il 6323 nəfərdir. Yəni belə abituriyentlərin sayı 91 nəfər artıb. Ona görə də, bu o deməkdir ki, hansısa ixtisaslarda keçid balı artacaq”.
M.Abbaszadə həmçinin bildirib ki, ötən il 150 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 17 min 964 nəfər idisə, bu il 16 567 nəfərdir:
“Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. Biz plan yerləri və müsabiqəyə buraxılanları müqayisə etsək görərik ki, 12 mindən çox uşaq qəbul olmayacaq. 3-cü qrupda müsabiqə balları daha yüksək olacaq. Dövlət sifarişli yerlərdə keçid balları artacaq. II qrupda 420 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı var”.
Daha çox