Sərhəddən 33 kq narkotik keçirmək istədi

XƏBƏR
13:40
17 Avqust 2021
656

Təxmini çəkisi 33 kiloqram olan narkotik vasitənin, 314 ədəd psixotrop və güclü təsirli maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Sabah.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, avqustun 17-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Ağayev Vüsal Bayram oğlu olması müəyyənləşdirilib, onun əlindəki qara rəngli idman çantasına baxış zamanı içərisində təxmini çəkisi 33 kiloqram narkotik vasitəyə (25 kiloqram 340 qram “heroin”, 5 kiloqram 800 qram “metamfetamin”, 1 kiloqram 720 qram “marixuana”, 60 qram “tiryək”, 284 ədəd “metadon” M40 və 30 ədəd “preqabalin” dərman həbləri) oxşar maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti