600-dən çox nəfər toylara buraxılmadı

ÖLKƏ
10:41
12 Avqust 2021
696

Avqustun 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 619 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbər lenti