Xəstəxana direktoru haqda cinayət işi başlandı

XƏBƏR
11:21
6 Avqust 2021
830

“Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri ilə bağlı  daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Sabah.az xəbər verir ki, Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla PHŞ-in direktoru İlham Mustafayevin 24.04.2021-ci il tarixindən hazırki vaxtadək vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi məlum olub.

Onun özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti nəqliyyat vasitəsi kimi sənədləşdirilmiş “VAZ 21 063” markalı avtomaşını faktiki işləmədiyi halda Aqşin Əhmədov adlı şəxsin adına rəsmiləşdirməklə iş funksiyasını icra etmədiyi halda ona 1054 manat məbləğində əmək haqqının ödənilməsini, həmçinin “Elxan Fərəcov” MMC-dən 4 min 980 manat dəyərində texniki avadanlığın alınmasının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən həmin məbləğdə pul vəsaitinin köçürülməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti