Şirvanda tiryəkxana təşkil edən şəxslər saxlanıldı - Foto

ÖLKƏ
15:23
5 Avqust 2021
861

Şirvanda tiryəkxana təşkil edərək narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaradan, eləcə də, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər narkotiklərə görə məhkum olunmuş 56 yaşlı Firuz Şadlinskinin və onun həyat yoldaşı, 55 yaşlı Qönçəgül Baxışəliyevanın evlərində tiryəkxana təşkil etmələri müəyyən olunub.

Polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan “patı” və “şüşə” adlanan narkotik maddə-metamfetamin, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmçinin, əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki nəfər şəxs də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdullayev olduqları müəyyənləşdirilib. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.

F.Şadlinski və Q.Baxışəliyeva isə izahatlarında onlara məxsus fərdi yaşayış evində narkotiklərin satışı həyata keçirdiklərini etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti