Sosial şəbəkələrdə videosu yayılan narkotik alverçisi tutuldu - Video

ÖLKƏ
14:27
4 Avqust 2021
852

Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən video yayılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin görüntülər barədə DİN tərəfindən araşdırma aparılıb.

Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb.

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən videogörüntülərdəki şəxs - paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Onun üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib.

Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti