Uşaq bağçasında yaşayan qadını öldürən polis imiş - Rəsmi

ÖLKƏ
11:51
23 İyul 2021
987

Sabirabad rayonunda 54 yaşlı qadın qətlə yetirilib.

Sabah.az xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, iyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

***

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, iyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanı öldürən şəxs polis əməkdaşı olub.

Əliağa Soltanov DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantıdır.

Onun xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə M.Ağayevanı qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti