Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun tikintisindən - Fotolar

ÖLKƏ
13:02
15 İyul 2021
637

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti işləri aparılır.

Sabah.az xəbər verir ki, bu cür layihələrdən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Dövlət başçısının tapşırığına əsasən, sözügedən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yol boyu 6 avtomobil körpüsü və 11 yeraltı keçidin də tikintisi aparılır.

Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri aparılır. İnşa edilən yolun hərəkət hissəsi 14 metr, çiyinlər isə 2x1,5 metr təşkil edəcək. Həmçinin tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də paralel olaraq aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası artıq bitmək üzrədir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Xəbər lenti