6 il əvvəl yaşlı kişini öldürüb meyitini çaya atan şəxs saxlanıldı

ÖLKƏ
12:25
6 İyul 2021
1323

Ağsu rayonunda 6 il öncə 65 yaşlı kişini qətlə yetirərək meyitini çaya atan şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, 2015-ci il iyulun 6-da 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyiti aşkar edilib.

Faktı bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

1963-cü il təvəllüdlü Ağsu rayon sakini Gözəlov Vahid Qəmbər oğlu 18.06.2015-ci il tarixdə, saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısının evinə gedərkən, onların torpaq sahəsinin giriş qapısının bir qədər aralı olmasından şübhələnib oradan içəri daxil olub. Bu zaman ağacın altında Sahib Babayevi oturmuş vəziyyətdə görüb, onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gəlib.

Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxıb, onun başı daş hasara dəyib və huşsuz vəziyyətə düşüb.

Bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, qərar verdiyi cinayət niyyətini reallaşdırmaq üçün yaxınlıqda olan sintetik ipi götürərək Sahib Babayevin boğaz nahiyəsinə keçirərək boğub öldürüb, sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb və Ağsu çayının kənarına aparıb qoyub.

Vahid Gözəlov istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı dindirilərkən törətdiyi cinayət əməlini səmimi etiraf edib.

İyulun 5-də Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti