“Maaşlar, pensiyalar artır və artırılacaq” - İlham Əliyev

ÖLKƏ
22:01
10 Mart 2020
124

“Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Ondan sonra yoxsulluq, 50 faizə yaxın idi, indi 4,8 faizdir və daha da aşağı düşəcək”.

Sabah.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib. Dövlət başçısı maaşlar, pensiyalar və müavinətlərin artırılacağını bildirib:

“Çünki maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun.

Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Biz kosmik dövlətə çevrilmişik, üç peykimiz var. Dünya Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçiriləcək və bu haqqı biz gərgin mübarizədə qazanmışıq. Bu müsabiqədə 4 şəhər iştirak edirdi - Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı. Biz bunu qazandıq. Nəyə görə? Çünki orada da bizə hörmət edirlər.

Mən belə faktları çox sadalaya bilərəm. Təkcə enerji siyasətimizə baxmaq kifayətdir ki, xalqımız, dövlətimiz və qitə üçün nələr etdiyimizi görək. Neft-qaz kəmərləri - indi Cənub Qaz Dəhlizi başa çatmaq üzrədir. Biz bunu çox çətin geosiyasi vəziyyətdə minimum itkilərlə etdik, demək olar ki, sıfır itkilərlə. Nəinki bunu etdik, hətta yeddi ölkə arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq formatı yaratdıq. Bu ölkələr artıq təbii dostlardır, müttəfiq olmasalar da, təbii dostlardır. Ona görə bu sahədə də bizim rolumuz danılmazdır və biz bu sahədə liderik.

Nəqliyyat sahəsində. Biz açıq dənizə çıxışı olmayan ölkəni nəqliyyat mərkəzinə çevirmişik. Belə faktlar çoxdur və hər biri seçkilərə müsbət təsir göstərmişdir. Parlamentə seçilmiş deputatların mütləq əksəriyyəti bu müsbət meyillərə düzgün qiymət verir. Ola bilər ki, onların qələbəsi, o cümlədən bu amildən də asılıdır”.

Xəbər lenti