Premyer Liqamızın oyunları da azarkeşsiz keçiriləcək - Rəsmi
Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək.
Sabah.az PFL-in saytına istinadən xəbər verir ki, kronavirusun yayılma təhlükəsini nəzərə alan qurum martın 14-15-də keçiriləcək 21-ci və martın 21-22-də təşkil olunacaq 22-ci turun görüşlərinin boş tribunalar önündə keçirilməsini məqsədəuyğun sayıb.
Üçüncü dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” – “Qəbələ” və “Sabah” – “Keşlə”, ertəsi gün “Sumqayıt” – “Səbail” və “Neftçi” – “Zirə” matçları keçiriləcək.
Dördüncü dövrə isə martın 21-dəki “Zirə” – “Sumqayıt” və “Səbail” – “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçları tamaşaçısız keçiriləcək.
Birinci divizionun isə 19 və 20-ci turunun oyunları azarkeşsiz olacaq.
PFL prezidenti Ramin Musayevin imzaladğı əmrə əsasən oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etməlidir.
Daha çox