Koronavirusla bağlı ən çox soruşulan 11 sual və cavabları
Koronavirus (Covid-19) epidemiyasının iki ay ərzində dünyada sürətlə yayılması insanları təlaşlandırıb.
Bu da bu virusla bağlı bir çox istər doğru, istərsə də yanlış məlumatların yayılmasına səbəb olub.
Sabah.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla əlaqəli şaiyələri 11 sualla cavablandırıb.
1. Koronavirus yalnız yaşlı insanlara təsir edir, yoxsa gənclər də virusa yoluxa bilər?
Koronavirusa yalnız yaşlılar deyil, hər yaşda olan insan yoluxa bilər. Bununla belə, virusun yaşlı insanlarda, xüsusən də astma, diabet və ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkən şəxslərdə daha təsirli olduğu müşahidə edilir.
2. Koronavirusun qarşısını almaq və ya müalicə etmək üçün dərman varmı?
Xeyr, elə bir dərman hələ hazır deyil.
3. Sarımsaq yemək koronavirusun qarşısını almağın həll yoludur?
Sarımsağın bədəndəki mikroblara təsiri hər kəsə məlumdur. Lakin bu günə qədər aparılan araşdırmalar, onun koronavirusa qarşı təsirli olduğu barədə heç bir nəticə verməyib.
4. Xaş yemək koronavirusdan qoruyurmu?
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bununla bağlı rəsmi araşdırma aparılmayıb.
5. Antibiotiklər koronavirusa qarşı təsirlidirmi?
Xeyr, bakteriyaları məhv edə biləcək antibiotiklər viruslara qarşı təsirli deyil. Covid-19-da bir virus olduğu üçün müalicədə antibiotiklərdən istifadə edilmir.
6. Koronavirus insana ev heyvanlarından keçə bilərmi?
Evdə bəslədiyiniz it və ya pişik kimi ev heyvanlarının koronavirus ötürdüyünə dair heç bir dəlil yoxdur. Virusun bu heyvanlarda görünməsi, yoluxacağınız mənasını vermir. Ancaq belə bir ev heyvanı ilə hər hansı təmasdan sonra əlləri su və sabunla yumaq məsləhətdir.
7. Əlləri qurutmaq üçün istifadə olunan havalandırıcı koronavirusu öldürürmü?
Xeyr. Əl qurutma maşınlarında belə bir xüsusiyyət yoxdur. Virusun yeni növündən qorunmaq üçün əllərinizi spirt əsaslı təmizləyicilər, sabun və su ilə tez-tez yumaq lazımdır. Əllərinizi birdəfəlik istifadə olunan kağız dəsmallarla yaxşıca qurutmağınız tövsiyə olunur.
8. Termovizor yoxlanışı koronavirusu müəyyən etmək üçün nə qədər effektlidir?
Bu sualın cavabı xəstəliyin mərhələlərinə görə dəyişir. Bu aparatlar qızdırması olan insanları müəyyən edir. Ancaq qızdırma infeksiyaya yoluxduqdan 2-3 gün sonra yaranır. Belə hallarda aparatlar virusu müəyyən edə bilmir.
9. Çindən gələn karqo və məktublardan koronavirusa yoluxmaq mümkündür?
Xeyr. Ümumdünya Səhiyyə Təşkilatının təhlili göstərir ki, Çindən göndərilən bağlama və məktublar koronavirus riski daşımır. Bunun əsas səbəbi, virusun əşyaların üzərində uzun müddət yaşamamasıdır.
10. Sətəlcəmə qarşı vurulan peyvənd koronavirusa qarşı təsirlidirmi?
Xeyr. Belə vaksinlər koronavirusa qarşı təsirli deyil.
11. Əgər virusa yoluxmaq istəmiriksə, nə etməliyik?
- Siqaret çəkməyin
- Ənənəvi müalicələrdən rəsmi sübut olunmadan istifadə etməyin
- Üst-üstünə maska taxılmayın
- Antibiotiklərdən həkimin icazəsi olmadan istifadə etməyin.
Daha çox