“Görürdüm ki, bu mövqe onları da çaşdırır, nə edəcəklərini bilmirlər”

XƏBƏR
16:21
25 İyun 2021
497

“Ermənistan rəhbərliyinin daha bir təxribatçı bəyanatı o idi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu da faktiki olaraq istənilən danışıqlara son qoydu:

“Birincisi, bu, çox ziddiyyətli bəyanat idi, çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir və Azərbaycan onunla danışıqlar aparmalıdır. Sonra da deyirdilər ki, Qarabağ Ermənistandır. Biz onlardan bunlardan hansının həqiqət olduğunu soruşduq. Əslində, onlar hər iki halda yalan danışırdılar.

Lakin bu, istənilən danışıqları lazımsız və mənasız edən çox təxribatçı bəyanat idi. Minsk qrupu ölkələrinin səfirləri ilə görüşlərimdə mən görürdüm ki, bu mövqe onları da bir qədər çaşdırır və təəccübləndirir və əslində, onlar nə edəcəklərini bilmirlər. Əgər Qarabağ Ermənistandırsa, onda bu barədə nə danışmaq olar? Bu, danışıqlar prosesini tamamilə məhv etmək və torpaqları əbədi işğal altında saxlamaq üçün Ermənistan rəhbərliyinin məqsədli cəhdi idi”.

Xəbər lenti