“Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam”

GÜNDƏM
16:17
25 İyun 2021
546

“Mən 2003-cü ildən danışıqlar prosesində iştirak etmişəm. Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir”.

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər: “Onlar bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi. Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil. Son vaxtlar baş verənlər isə çox sayda təxribatçı addımlar atmış, əməllər törətmiş və müharibəyə təhrik etmiş Ermənistan hökumətinin məsuliyyətidir. Mənim mövqeyimi sübut edə bilən çox sayda dəlil var.

Mən sizə cəmi bir neçə nümunə göstərəcəyəm. Ermənistanın müdafiə naziri ictimai şəkildə bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Bu, Azərbaycana qarşı açıq təhdid idi. Ermənistanın baş naziri bildirdi ki, Dağlıq Qarabağın qondarma rəhbərliyi danışıqlarda iştirak etməlidir. Bu, əslində, təkcə bizim maraqlarımıza qarşı deyildi, həm də ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin işləyib hazırladığı formata qarşı idi. Bu səbəbdən də bu mövqe ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini də, yumşaq desək, bir qədər təəccübləndirmişdi. Onlar obyektiv olaraq bunu danışıqlar prosesindən çıxmaq cəhdi hesab etmişdilər. Çünki danışıqların formatı iki ölkə və ATƏT tərəfindən yaradılmışdı: Ermənistanla Azərbaycan arasında olan münaqişə”.

Xəbər lenti