Ərdoğan Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırdı

GÜNDƏM
16:04
17 İyun 2021
641

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməklə bağlı çağırış edib.

Sabah.az xəbər verir ki, Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Ermənistanı Azərbaycanın Qarabağ Zəfəri həqiqətini qəbul etməyə və bölgədəki bu yeni dövrü düzgün qəbullanmağa çağırıb:

"Ermənistan da etimad yaratma addımlarına başlamalıdır. Mina xəritələrini Azərbaycana verməsi bu istiqamətdə atılmış vacib addım olacaqdır. Müharibə dövründə etdiyimiz kimi, yenidənqurma işlərindən tutmuş minalanmış ərazilərin təmizlənməsinə qədər hər addımda Azərbaycanın yanında olmağa davam edəcəyik. Mina təmizlənməsi baxımından hazırda Türkiyədə bir kombayn bənzər bir vasitə istehsal edirik. Bu uzaqdan idarəetmə vasitəsidir.

İndiyədək bunların 10-unu Azərbaycana verdik. Ancaq ilk növbədə bu rəqəmi 20-yə çatdıracağıq, ancaq bir-birinin ardınca verməyə davam edəcəyik. Bunun ən böyük xüsusiyyəti çoxsaylı mina aşkarlamasıdır. Uzaqdan idarəetmə ilə minanı partladır və yola davam edir. Həm də mina partlayışında say baxımından çox irəlidədir. Onlardan da özümüz istifadə edirik. Terror bölgələrində istifadə etməyə başladıq. İnanıram ki, bu vasitə həm ölkəmizdə, həm də dost qardaş ölkələrdə çox işə yarayacaq”.

Xəbər lenti