Ağdamda itkin düşən şəxsin minaya düşdüyü məlum oldu

HADİSƏ
10:30
17 İyun 2021
842

Ağdam rayonunda öz kəndlərini görməyə gedərkən itkin düşən 43 yaşlı Cəsarət Hətəmxanovun minaya düşərək həlak olduğu məlum olub.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 8-də rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb.

İlkin ehtimallara görə C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib.

Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunmuş, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.

Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir.

***

Ağdam rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti