“Morfini vurmağa hazırlaşırdım, əlim gəlmədi” - Sanitar Əlitalıb Babazadənin döyüş yolu

GÜNDƏM
17:57
14 İyun 2021
1359

Vətən müharibəsində torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlarımızdan biri də sanitar təlimatçı Əlitalıb Babazadədir.

Sabah.az xəbər verir ki, keçdiyi döyüş yolunu APA TV-nin təqdimatında “Müharibə gündəliyi” verlişində bölüşən qazimiz ilk vaxtlar yaxın bildiyi yoldaşlarının şəhid olmaqlarını görəndə təsirləndiyini deyib:

"Hər taborda 3 bölük olur, hər bölüyə də bir sanitar verilir. Mən özüm 7-ci bölüyün sanitar təlimatçısı idim. Oktyabrın 15-16-sı ərəfələrində sanitarlarımız da şəhid olmuşdu. Bir sanitar mən qalmışdım. Elə oldu ki, öz bölüyümlə yanaşı, 8-ci və 9-cu bölüklərə də yardım edirdim.

Təntiyəndə fikirləşirdim, tapa bilməyəndə həkimlərdən soruşurdum. Həkim cavab verəndən sonra tuturdum ki, nə etməliyəm. Taqım komandirimiz, baş leytenant Namazov Həmid onurğa sümüyündən güllə yarası almışdı, pis vəziyyətdə idi. Ancaq deyirdi ki, "Talıb, kömək elə!" Ağrını kəsmək üçün morfin vurmağımı istədi. Mən də morfini hazırlamışdım. Amma birdən Allah tərəfi fikirləşdim ki, görəsən bu morfini ona vurum?! Döyüş uşaqları da başımın üstündə olar da vurmağımı deyirdilər. Əlim getmədi vurmağa. Fikirləşdim ki, güllə onun onurğasındadır, birdən daxili qanaxması olar. Ondan tüpürməyini istədim, əgər qanlı olsa bu daxili qanaxma demək idi. Amma qanlı olmadı.

Morfini vurandan sonra insana yuxu verir və damarlar boşalır. Bu zaman qan sürətlə axır. Əgər biri 2 saata öləcəksə, morfinin vurulması bu prosesi 45 dəqiqəyə qədər endirir. Bunu fikirləşib yenə morfini vurmadım. Hətta uşaqlar da məni qınadı, amma dedim ki, vurmayacağam! Üstündən 10 dəqiqə keçdi ki, Rüstəm həkim gəldi. Güllə yarasını onurğa sütunundan aldığını, lakin çıxmadığını içəridə qaldığını dedim. İynəni vurmadığımı da bildirdim. O da dedi ki, oğulsan! Onun həyatda qalmağı səndən asılı idi, sən də eləmisən".

Qazi Ə.Babazadə döyüşdə telefonunu itirdiyini açıqlayıb: "Kamal adlı uşaq var idi. Talıb deyə qışqırırdı. Yaralı bir uşağa morfin lazım idi. Mən isə o istiqamətə keçə bilmirdim. Düşmən atəş açırdı və onun olduğu yerə keçmək mümkün deyildi. Mən də sanitar çantamı onun yanına atmalı oldum. Telefonum da içində idi. Götürə bilərdim, amma vaxt gedəcək deyə elə içində ola-ola ona tərəf atdım. Morfini isə çantasız atsam sına bilərdi. Həmin gün yenidən Kənanı gördüm, özündə deyildi, titrəyirdi, kəllə-beyin travması keçirmişdi. Ondan halını soruşanda məni tanıdı. Telofonumu itirdiyini deyəndə "canın sağ olsun" deyə cavab verdim.

Elə olub ki, həmin istiqamətdən keçən əsgərimiz telefonumu tapıb götürüb. O sonradan şəhid olub. Şəhid olan hərbçinin yanındakı əşyalar götürülür ki, daha sonra onun ailəsinə təhvil verilsin. Yanvarın 4-ü artıq Bakıda idik. Mən də öz telefonuma zəng vurdum. Allaha pənah zəng çatar deyə düşündüm. Zəng çatdı. Və mən telefonumu aldım. Verəndə onun morqda şəhidin üzərindən tapıldığını dedilər. O şəhidin kim olduğunu bilmədim".

Müharibə dövründə ən yadda qalan xatirəsinin ad gününü azad edilmiş torpaqlarda qeyd etdiyin deyən Vətən müharibəsi iştirakçısı sevincini bu cümlə ilə ifadə edir: "Hər adama ad gününü Xocavənddə keçirtmək qismət olmur, özü də qələbədən sonra”.

Xəbər lenti