Məhərrəmlə vida mərasimi keçirilir - Fotolar

ÖLKƏ
10:22
5 İyun 2021
1160

Dünən Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olan jurnalist Məhərrəm İbrahimovla vida mərasimi keçirilir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Azərtac” informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimovun cənazəsi dünən Gəncə şəhərindən Bakının Binəqədi rayonunda yerləşən evlərinə gətirilib.

Hazırda evlərində M.İbrahimovla vida mərasimi keçirilir.

Xatırladaq ki, 4 iyun saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

***

Vida mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar - Kəmaləddin Qafarov, Qənirə Paşayeva, rayonun digər dövlət qurumlarının rəhbər şəxsləri, jurnalistlər və ictimai şəxslər iştirak edir.

***

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəhid jurnalist Məhərrəm İbrahimovun vida mərasiminə qatılıb. Hikmət Hacıyev Prezidentin tapşırığı ilə vida mərasimində iştirak edib və Prezidentlə Birinci Xanımın başsağlığını çatdırıb.

Xəbər lenti