85 yaşlı qadını tövlədə əli-qolu bağlı saxlayan kimdir?

HADİSƏ
11:53
2 İyun 2021
775

Bir neçə gün əvvəl sosial şəbəkələrdə ahıl qadına qarşı şiddət göstərilməsiylə bağlı video paylaşılıb.

Sabah.az xəbər verir ki, məlumatı paylaşan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, 85 yaşlı qadını pensiyasına görə ona baxmaq adıyla bir nəfər aldadıb, əvəzində isə onu dəfələrlə döyüb.

K.Ağazadə bundan sonra həmin qadının vəziyyətinin araşdırılmasıyla bağlı aidiyyatı qurumlara müraciət etdiyini vurğulayıb: “Onun harada yaşadığı və kim tərəfindən işgəncəyə məruz qalması ilə bağlı bildiklərimi paylaşdım. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərib araşdıracağıq”.

Birlik rəhbəri iddia edib ki, Səkinə xanımın pensiya kartını mənimsəyən və işgəncə verən şəxs bu dəfə onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxlayır: “Mənə verilən məlumata görə, Səkinə xala Gədəbəy rayonu İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır”.

Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan video-görüntülərlə bağlı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb:

"Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyə edilib. Dərhal polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar edib. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxlərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək".

Xəbər lenti