Çində quş qripinin yeni növünə yoluxma qeydə alındı

XƏBƏR
11:50
1 İyun 2021
486

Çinin Szyansu vilayətində dünyada ilk dəfə insanın H10N3 quş qripinə yoluxması halı qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumata görə, 41 yaşlı kişi aprel ayının sonlarında hərarət hiss edib və bir neçə gün sonra vəziyyətinin pisləşməsi səbəbindən həkimə müraciət edərək xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti sabitləşib və demək olar ki, xəstəxanadan buraxılmaq üçün tələb olunan bütün meyarlara cavab verir.

Çinin Yoluxucu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi mayın 28-də xəstədən götürülən nümunələr üzərində təhlil aparıb. Analizin nəticələrinə görə, həmin şəxs H10N3 virusuna yoluxub. Onunla əlaqədə olmuş bütün şəxslər hazırda tibbi nəzarətə götürülüb. Hələlik onlar arasında xəstəlik aşkarlanmayıb.

Qurumdan verilən məlumatda bildirilir ki, virus genetik analizinə görə quşlar arasında yayılan infeksiyadır və insanlara təsirli şəkildə yoluxa bilməz. 

Qeyd edək ki, daha əvvəl dünyada insanların H10N3 virusuna yoluxması ilə bağlı bir hadisə qeydə alınmayıb. Virus quşlar arasında ötürülür və aşağı patogenliyə malikdir.

Xəbər lenti