Yol polisi piyadalara müraciət edib

HADİSƏ
12:25
8 Noyabr 2019
92

"İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bu bizi ciddi narahat edir".

Bunu Sabah.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir: "Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".
Vaqif Əsədov Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar: "Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Şöbə rəisi onu da əlavə edib ki, piyadavurma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada kecidlərin yaxınlığında bu cür hallar daha çoxdur: "Ən çox piyadalavurmalar yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir".

Vaqif Əsədov sürücülərə də müraciət edərək bildirib ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar: "Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin  ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibatı məsuliyyətə deyil,cinayət məsuliyyətinə cəlb  olunacaqlar".

Xəbər lenti