“Şəhid ailələrinin adından istifadə edib gündəm yaradanlar hüquqi cəza alacaq” - “Kontakt Home”
“Şəhid Adilov Şirəli İlham oğlunun ailəsinə məxsus yataq dəstinin ödənişlərin edilməməsi səbəbi ilə zorla geri götürülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Bu şəbəkəmizə qarşı hazırlanmış qarayaxmadır. 2 ailə arasında məişət zəminində olan narazılıq və şəhid ailələrinin həssaslığından istifadə edərək “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətinə kölgə salmaq, işgüzar nüfuzunu ləkələmək və cəmiyyətdə çaşqınlıq törətməyə yönəlmiş qərəzli kampaniyadır”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Kontakt Home” mağazalar şəbəkəsinin Hüquq departamentinin rəhbəri Vurğun Quliyev ötən gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hazırda bu kampaniyanın əsas motivləri aydınlaşdırılır və səbəbkarlar barəsində hüquqi ölçü götürüləcək:
“Təəssüflə bildiririk ki, ailədaxili anlaşılmazlıq ruhu qarşısında baş əydiyimiz şəhid ailəsində baş verib. Şəhid Şirəli Adilovun qayınanası Azadə Məmmədova 2019-cu ilin dekabr ayında bizdən məhsul alıb və 2020-ci ilin yay ayında qızını gəlin köçürüb. Həmin əşyalar cehiz olaraq şəhidin yaşadığı mənzilə aparılıb. Ötən ilin sentyabrında müharibə başlanıb, müzəffər ordumuz torpaqlarımızı azad edib və həmin ailənin igid oğlu da şəhid olub. Sonradan ailələr arasında narazılıq yaranıb və şəhidin xanımı ata evinə qayıdıb. Bundan sonra, ötən ilin dekabr ayının 31-də gəlinin anası bizimlə əlaqə saxlayaraq aldığı məhsulların geri qaytarılmasını istəyib. Yazırlar ki, guya əşyalar borca görə qaytarılıb, əslində xanım ödənişi vaxtlı-vaxtında edib və borca görə qaytarılma olmayıb”.
V.Quliyevin sözlərinə görə, müştərinin şəhid ailəsi olduğu bilinəndə əşyaların saxlanılması ilə borcu qaytarmaq təklif olunub. A.Məmmədovadan şəhidin ölüm kağızı deyil, yalnız şəhid ailəsi ilə qohumluğunu bildirən hər hansı sənəd istənilib. O isə təkidlə əşyaların mağazaya geri qaytarılmasını istəyib: “Şəhid yoldaşının istəyi olduğuna görə həmin əşyalar bu ilin yanvar ayında geri qaytarılıb. Xahişi nəzərə almasaydıq, bu qarşı tərəfdə də narazılıq yarada bilərdi. Qaytarılma məhsul sahibinin və ev sahibinin iştirakı ilə və etirazı olmadan həyata keçirilib. Yalnız 5 aydan sonra – mayın 20-də məsələ qərəzli və məsuliyyətsiz şəkildə gündəmə gətirilib. Bu aylar ərzində ailələr tərəfindən “Kontakt Home” mağazasına ünvanlanan hər hansı narazılıq olmayıb”.
“Kontakt Home” mağazalar şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova isə bildirib ki, hazırda həmin məhsul şirkətin anbarında saxlanılır. Həmçinin məhsula görə şəhidimizin həyat yoldaşının ailəsi tərəfindən ödənilən kredit məbləğləri geri qaytarılıb. Ailə nə vaxt istəsə, hara istəsə, həmin əşyaları yenidən gətirib qaytara bilərlər.
Vəfa Rüstəmovanın sözlərinə görə, “Kontakt Home” mağazalar şəbəkəsi azsaylı şirkətlərdəndir ki, nəinki qazi və şəhidlərin, o cümlədən, onların ailə üzvlərinin də borclarını bağışlayıb:
“Bundan əlavə, şəhid Şirəli Adilovun bacısının da mağazaya borcu olub və məsələyə fərdi qaydada baxılıb, həmin borc tamamilə silinib. Həmçinin şəhidin atasının da mağazadan krediti olub və həmin borc da sıfırlanıb. İndiyə kimi İkinci Qarabağ müharibəsi şəhidlərinin və onların birinci dərəcəli ailə üzvlərinin borcları qeyd-şərtsiz bağlanıb. Həmçinin birinci və ikinci qrup əlillərinin ailə üzvlərinin borcları qeyd-şərtsiz bağlanıb. Ümumilikdə indiyədək 279 şəhid və qazi ailəsinin 193 min 307 manat borcu bağışlanılıb. Həmçinin aldıqları məhsullar da özlərində saxlanılıb. Bunu edən şirkət şəhidin ətrinin qaldığı 1 çarpayını götürə bilməz. Bu, tam absurddur və burada manipulyasiyadan söhbət gedir”.
Şirkət rəsmisi Vurğun Quliyev həmçinin bildirib ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı qərəzli paylaşımı edənlər, bu məsələdən bu və ya digər formada istifadə edən hər bir şəxs barəsində hüquq-mühafizə orqanlarına müraciət olunub.
Mətbuat konfransında vurğulanıb ki, ötən il Prezident İlham Əliyev tərəfindən Qobu qəsəbəsində müharibə iştirakçıları üçün yaşayış kompleksinin açılışı həyata keçirilib. Prezident açılış mərasimində özəl şirkət və sahibkarlara müraciət edərək şəhid və qazi ailələrinin mənzillə təmin olunması üçün çağırış edib. “Kontakt Home” bu təşəbbüsə qoşulan ilk şirkətlərdəndir. Qobuda 10 mənzilin bu mağazalar şəbəkəsinin maliyyə dəstəyi ilə tikilməsinə başlanılıb və yaxın vaxtlarda istifadəyə veriləcək.
Həmçinin müharibə müddətində şirkətin 1 həftə ərzində əldə etdiyi gəlirlərdən Silahlı Qüvvələrə Yardım Fonduna 150 min manatlıq ianə edilib. Şirkətin 97 əməkdaşının hər birinə ümumilikdə 50 min manatlıq yardım olunub və maaşları saxlanılıb. “Kontakt Home”un bir əməkdaşı Aslan Rzayev Vətən müharibəsində şəhid olub. Şirkət onun 1,5 yaşlı övladını 23 il müddətinə himayayə götürüb və birdəfəlik 25 min manat məbləğində dəstək olunub. Həmçinin ilk qadın şəhid Arəstə Baxışovanın övladlarının onlayn dərs vəsaitinə ehtiyacı olduğunu öyrənən mağaza rəhbərliyi onları həmin vəsaitlə təmin etməklə yanaşı, uşaqların hər birinə 10 000 olmaqla, ümumilikdə 20 000 manat məbləğində köməklik edib.
“Kontakt Home”un “Qarabağ proqramı” çərçivəsində həyata keçirdiyi bütün sosial layihələrlə buradan tanış ola bilərsiniz.
Daha çox