İşçiləri vaksin olunmayan şirkətlər bağlana bilər
"Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə - söhbət idman sağlamlıq mərkəzlərindən gedir - onların işçilərinin vaksinasiya və yaxud immunitet sertifikatının olması tələbi nəzərdə tutulur“.
Sabah.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu tələb iyulun 1-dən tətbiq olunacaq: "İyulun 1-dən o obyektlərdə ki, 80 faiz işçinin vaksinasiya və ya immunitet sertifikatı yoxdur, həmin obyektlərə xəbərdarlıq ediləcək və hətta bağlana da bilər. Söhbət həm də dediyimiz kimi, gələcəkdə konsert, teatr, kinoteatr və şənlik salonlarından da gedir. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçməyi tövsiyə edirik.
Təbii ki, yumşalmalar bugünkü sabit vəziyyətin, həkimlərimizin, epidemioloqlarımızın böyük işinin, eyni zamanda qaydalara əməl edən insanların əməyinin nəticəsidir. Amma bu o demək deyil ki, pandemiya bitib, pandemiya üzərində qələbə çalınıb. Təbii ki, rəqəmlər yenə də artmağa başlasa, biz müvafiq məhdudiyyətlərin tətbiq olunmasına məcbur olacağıq”.
Daha çox