Adada 12 kq narkotik gizlətdi - Foto

HADİSƏ
13:28
21 May 2021
57

20 kiloqram narkotik maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Sabah.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülüb.

Bundan başqa, mayın 20-də Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 3 nəfər olan “Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib. Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıblar.

Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Məmmədov Aslan Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Ümid Nazim oğlu olmaları müəyyənləşdirilib.

Onların üzərindəki bağlamaya baxış keçirərkən içərisində ümumi çəkisi 8 kq 684 qram narkotik vasitəyə bənzər maddə (7 kq 700 qram tiryək, 984 qram heroin) aşkar olunaraq götürülüb.

Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli şəhər sakini İsmayılov Coşqun Şaiq oğlu olması müəyyən edilib. Araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti