Ceyhun Bayramov Rusiyaya başsağlığı verdi
“Rusiyanın Kazan şəhərində böyük faciə baş verib. Terror aktı nəticəsində çoxlu sayda günahsız insan həlak olub və yaralanıb”.
Sabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.
“Ən dəhşətlisi budur ki, hadisə məktəbdə baş verib. Günahsız insanların ölümü həmişə faciədir. Ən dəhşətlisi odur ki, ölənlər günahsız uşaqlardır. Bütün rus xalqına başsağlığı verirəm, yaralananlara tezliklə sağalmağı arzu edirəm. Biz terrorun hər növünü qınayırıq. Bu bir daha onu göstərir ki, bütün ölkələr terror vəbasına qarşı birləşməlidir”, - deyə XİN başçısı vurğulayıb.
Qeyd edək ki, Kazan şəhərində 175 nömrəli məktəbdə silahlı insident baş verib. Hadisə nəticəsində çoxu uşaq olmaqla 13 nəfər həyatını itirib. Faktla bağlı cinayət işi başlanıb. Tatarıstan hökuməti 12 may tarixini matəm günü elan edib.
Daha çox