Bayram namazının vaxtı açıqlandı

XƏBƏR
14:36
7 May 2021
150

“Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”.

Sabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, insanlar bir yerə toplaşaraq bu namazı qılarsa, bunun böyük savabı var: “Amma pandemiya şəraiti yenə də davam edir, kütləvi yığışmaq qadağası var. Bütün mərasimlər qadağandır, toy, hüzr mərasimləri və bir yerə kütləvi toplaşmaq mümkün deyil. İctimaiyyətin müəyyən orqanlara müraciəti var ki, mümkün olarsa, məsafə saxlamaqla və digər qaydalara əməl etməklə insanlara məscidlərdə cümə namazlarını birgə qılmağa şərait yaradılsın. Amma TƏBİB-in Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasən verdiyi qərara görə, kütləvi şəkildə bir yerə toplaşaraq namaz qılmaq məsləhət görülmür. Quran da, Peyğəmbərimiz də buyurub ki, xəstəlik təhlükəsi varsa, insanlar mütləq qorunmalıdır. Biz də bu məsələyə dəstək olmalıyıq. Düşünürük ki, hələ məscidlərdə namazların kütləvi şəkildə qılınmasına şərait yoxdur, ümid edirik ki, bu, müvəqqəti haldır. Ümidvarıq ki, pandemiya tezliklə başa çatacaq və insanların məscidlərdə namaz qılmaq imkanı olacaq. Hazırda pandemiya şəraiti davam etdiyi üçün istəyən hər kəs öz ailə üzvləri ilə evində 2 rükət bayram namazı qıla bilər. Ramazan ayında iftar süfrələri ilə bağlı insanlara tövsiyə etdik ki, çəkdikləri xərci pul və ya ərzaq şəklində ehtiyacı olan ailələrə paylasınlar, savabdan kənar qalmasınlar. Bayram namazı da müstəhəb olduğu üçün heç bir nigarançılıq yoxdur, evində istər tək, istər ailə üzvləri ilə qılına bilər”.

F.Nurullayev qeyd edib ki, şəriətdə bayram axşamı fitrə zəkatının çıxarılması buyurulub: “Kimin imkanı varsa, fitrə zəkatını bildiyi, tanıdığı imkansız, ehtiyacı olan ailələrə verir. İstəyənlər mayın 13-ü Ramazan bayramında bayram namazını Zöhr namazına qədər qıla bilərlər”.

Xəbər lenti