“Milli maraqlarımızın bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur”

XƏBƏR
09:54
6 May 2021
38

Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 10 noyabr bəyanatını şərh edib.

Sabah.az xəbər verir ki, R.Usubov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır: “Demək, narahatçılığa əsas yoxdur. Bəyanatın imzalanmasından artıq 6 ay ötür. Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir.  Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır.

Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur.

Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur.

10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur”.

R.Usubov bu təşəbbüslərin necə reallaşacağı haqda sualı belə cavablandırıb: “Erməni xalqı anlayır ki, bu gün üzdə olan bütün qüvvələr, istər iqtidar, istərsə də müxalifət onun məğlubiyyətinin, səfalətinin, bütün sahələrdə baş qaldıran böhranın səbəbkarlarıdır və  heç biri ona normal gələcək vəd etmir.

Cənab İlham Əliyevin isə erməni xalqına vəd etdiyi gələcək ən etibarlı seçimdir. Artıq erməni cəmiyyətində Azərbaycanın mövqeyilə, şərtləri ilə hesablaşmağa yönəlmiş çağırışlar artmaqdadır. Bu mövzuda danışmaq, müzakirə açmaq daha xəyanət hesab edilmir.

Hesab edirəm ki, zaman keçdikcə erməni xalqı da Prezident İlham Əliyevin Qafqazda bərqərar etdiyi yeni sabitlik, inkişaf və təhlükəsizlik sisteminə daxil olacaq. Zəngəzur dəhlizi timsalında digər real imkanlardan bəhrələnməklə, nəhayət ki, normal dövlət, sağlam cəmiyyət quruculuğuna başlayacaq”.

Xəbər lenti