İcra nümayəndəsi həbs edildi
Ağstafa rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs edilib.
Baş Prokurorluqdan Sabah.az-a verilən məlumata görə, Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanılıb.
Aparılmış istintaq zamanı Vəkil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların 2019-cu ilin fevral ayından “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi qeydiyyata alınmasına, işə gəlmədikləri halda işə davamiyyət cədvəllərində bilə-bilə yalan məlumatlar daxil edərək imzası və nümayəndəliyin möhürü ilə təsdiq etmə yolu ilə vəzifə saxtakarlığı etməsinə, onların adına olan əməkhaqqı kartını özündə saxlamaqla 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayına qədər ümumilikdə 7 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
30.04.2021-ci il tarixdə Vəliyev Vəkil Səfər oğlu Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Daha çox