Uçuşlar və hava nəqliyyatı ilə sərnişindaşımalarla bağlı qaydalar dəyişdi
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edib.
Sabah.az xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, xəstəliyə yoluxma riskinin azaldılması məqsədilə hava gəmisində olan sərnişinlərə profilaktik sanitar-gigiyena tədbirləri (əl gigiyenası, fiziki məsafə (bundan sonra – məsafə), tənəffüs gigiyenası və digər profilaktik tədbirlər) barədə məlumat verilir, habelə hava gəmisində ümumi istifadədə olan səthlər mütəmadi təmizlənir və dezinfeksiya edilir.
Uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər;
Reysə qeydiyyat zamanı sərnişinlərin (tranzit və transfer sərnişinlər daxil olmaqla) arayışlarının yoxlanılmasını təmin edirlər;
Hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin edirlər və Azərbaycana gəldikdən sonra passport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirlər.
Sərhəd nəzarətindən keçərkən arayışı bu Qaydaların tələblərinə cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınır, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır.
Arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin edilir.
Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir.
Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir:
Qadın əl çantası və ya kişi portfeli;
Ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;
Portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);
Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
Gül dəstəsi;
Uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;
Çətir;
Uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;
Ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.
Epidemioloji vəziyyətlə əlaqədar sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığı üçün təhlükənin minimuma endirilməsi məqsədilə hava gəmisində davranış qaydaları haqqında sərnişinlərə məlumat məsafədən audio, video və s. vasitəsilə verilir.
Sərnişinlər terminal binasına daxil olduqda, tibb işçiləri xüsusi avadanlıq vasitəsilə onların hərarətini ölçür və lazım olduqda xüsusi testləşdirmə aparılır.
Sərhəd nəzarəti zamanı sərhəd nəzarəti orqanı sərnişinlərdə arayışların mövcud olmasını və bu Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, həmçinin, onlar tərəfindən doldurulmuş Bəyannamələri toplayır.
Daha çox