16 yaşlı əqli zəifliyi olan qızın cinsi istismarında polisin əli olub? - Açıqlama
Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda 16 yaşlı əqli zəifliyi olan qızın polis əməkdaşının təşkilatçılığı ilə cinsi istismara məruz qalması haqda iddialarına münasibət bildirib.
Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıdırlar: “Bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib. Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.
Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddialar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu, müzakirə olunmayan gerçəklikdir”.
Qeyd edək ki, V.Nağının iddiasına görə, Neftçala Rayon Polis Şöbəsinin Elvin adlı əməkdaşı həmin qızın yaşadığı evə kamera quraşdırıb və evə gələn 30-a yaxın kənd sakinindən 3000 manat pul alıb.
Daha çox