Akardan Ukrayna və Rusiya arasındakı gərginliklə bağlı açıqlama

XƏBƏR
13:43
7 Aprel 2021
193

“Ukrayna və Rusiya arasında problemlərin dialoq yolu ilə dinc şəkildə həll olunmasına tərəfdarıq”.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

"Türkiyə Prezidenti Krımın ilhaqını tanımadıqlarını dəfələrlə bəyan edib. Daima Krım tatar türklərinin yanındayıq. Qara dənizdə problemlər sahilyanı dövlətlər arasında “Regional Mülkiyyət Prinsipi” çərçivəsində həll edilməlidir. Bu prinsipə əməl olunmalıdır. Hazırda burada mövcud status-kvo çərçivəsində işlərimizi davam etdiririk”, - deyə Türkiyənin müdafiə naziri bildirib.

O vurğulayıb ki, Türkiyə böhrana səbəb olmadan Rusiya və digər Qara dəniz ölkələri ilə tarazlığı qorumağa çalışır: “Hər problem yarandıqda müharibə və qaynar bir vəziyyət meydana çıxmamalıdır. Problemlər dialoq və dinc metodlarla həll olunmalıdır”.

Ukraynanın Türkiyədən hərbi məsləhətləşmələrlə bağlı müraciətinin olub-olmaması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Ukrayna və Türkiyə arasında müdafiə sənayesində layihələr davam edir.

Xəbər lenti