Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan vəsaitin audit nəticəsi açıqlanıb
Hesablama Palatası ötən il regionlarda subartezian quyularının layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticəsini açıqlayıb.
Sabah.az xəbər verir ki, hesabatda bildirilir ki, “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsi ilə Ağdam rayonunda 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan 2500,0 min manat məbləğində vəsaitdən yalnız 700,0 min manat məbləğində maliyyələşmənin açılaraq icra olunması, qalan 1800,0 min manat məbləğində vəsaitin isə Prezidentin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olmayaraq (vəsaitin mənbəyi və maliyyələşdirildiyi il) 2019-cu ilin dövlət büdcəsinin “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində nəzərdə tutulmuş “İslahatlarla bağlı xərclər”dən açılması ilə bağlı – Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verilib.
Həmçinin əkin sahələrinin suvarma suyuna və əhalinin içməli suya olan təlabatının ödənilməsi məqsədilə subartezian quyularının yeri və sayı barədə təkliflər hazırlanarkən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Prezidentin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının tələblərinə qismən əməl edilmədiyi, su çatışmazlığına görə bələdiyyə və əhali qruplarının şikayət və təklifləri üzrə dəqiq araşdırmaların aparılmaması, subartezian quyularının layihələndirilməsi zamanı quyu yerlərinin müəyyən edilməsinin Prezidentin sərəncamlarında qoyulan məqsədlərə və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olmaqla daha çox su istehlakçılarının suya olan tələbatının ödənilməsinə və suya olan əlçatanlığın təmin edilməsinə, eləcə də texniki və hidrogeoloji şəraiti tam öyrənilməklə həyata keçirilməsinə ciddi nəzarət olunması ilə bağlı - Ağdam, Bərdə, Goranboy, Tərtər və Şəmkir rayonlarının icra hakimiyyətlərinə müraciət olunub.
Qeyd edək ki, Prezidentin aprelin 2-də imzaladığı sərəncamla “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadə işdən azad edilib. Onun yerinə Zaur Mikayılov təyin edilib.
Daha çox