“İnkişaf etmiş ölkələrdə bir litr su da hesablanır”
“Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun. Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin”.
Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, hər bir su anbarının tikintisi böyük vəsait tələb edir:
“Ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir. Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək. Bu sahənin inkişafı dövlətin özəl sektora göstərdiyi növbəti qayğının təzahürüdür. Çünki dövlət bütün xərcləri öz üzərinə götürür ki, fermerlər, kəndlilər daha yaxşı məhsul götürsünlər, özləri üçün daha yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi qalxsın. Nəzərə alsaq ki, kənd təsərrüfatı sahəsində fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar, bu sahənin inkişafı, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul olunur. Ancaq əgər biz inkişaf etmiş ölkələri götürsək görərik ki, orada belə deyil – suyun hər bir litri hesablanır, hər yerdə sayğaclar qoyulur, uçot düzgün aparılır və qoyulmuş investisiyanın müqabilində hansı nəticə əldə olunacaq bəri başdan hesablanır. Bizdə də belə olmalıdır”.
Daha çox