Metroda tibbi maska satan saxlanıldı - Video

XƏBƏR
13:54
5 Mart 2020
87

Bakı Metropoliteni sosial şəbəkələrdə mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərə münasibət bildirib.

Sabah.az xəbər verir ki, qurumun sözçüsü Bəxtiyar Məmmədov qeyd edib ki, hələ mart ayının 3-də Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişin kimi metroya daxil olmuş şəxsin qanunla yol verilməyən fəaliyyətini müəyyən ediblər:

"Bununla bağlı operativ tədbir görülüb. Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun qaydada müvafiq inzibati məsuliyyətə cəlb edilib.

Metropolitenin sərnişinlərindən xahiş edirəm belə hallara yol verməsinlər və həmçinin fəal vətəndaş, ictimai, sərnişin mövqeyi nümayiş etdirsinlər. Çünki metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir. Elə bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən və həmçinin bir sərnişin kimi bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.

Ən əvvəl, bütün sərnişinlərdən xahişim budur ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını, vəzifələrini, deməli, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir. Fikrimcə, bəzən ictimai qınaq hər hanısa inzibati tədbirdən effektli, təsirli və maarifləndirici əhəmiyyətli vasitə olur. Bir vətəndaş və sərnişin kimi, cəmiyyətimiz üçün günün həssas mövzusunu nə fərdi maddi, nə də, düşünülməmiş hərəkətlə ötəri və mənasız, mənəvi dəyəri olmayan maraq vasitəsi kimi istifadə olunmasını doğru görmürəm. Məncə, hər birimiz belə münasibətə də qarşı olmalıyıq".
 

Xəbər lenti