Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu

XƏBƏR
10:22
30 Mart 2021
39

Bu gündən paytaxtdakı 102, 248 nömrəli tam orta məktəblərdə və 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.

Sabah.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, 102 və 248 nömrəli tam orta məktəblərdə, 246 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVID-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Xəbər lenti