Basqın təşkil edən şəxs tutuldu, daha bir cinayəti aşkarlandı - Foto
Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, mart ayının 1-də bir nəfər maskalı, naməlum şəxs əlində çapacaqla şəhər ərazisindəki çörək bişirmə məntəqələrindən birinə basqın edərək, oradakı pul kassasından 95 manat pulu götürərək hadisə yerindən uzaqlaşıb.
Gəncə ŞBPİ Nizami RPİ və “Təhlükəsiz şəhər” Xidmətinin əməkdaşları tərəfindən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb. M.İsmayılovun daha bir anoloji cinayət hadisəsini törətməsi aşkar edilib.
Belə ki o, mart ayının 8-də əlində eyni çapacaq və oyuncaq tapanca ilə şəhər ərazisindəki marketlərdən birinə yaxınlaşaraq satıcıdan pul tələb etmiş, lakin satıcının müqaviməti ilə qarşılaşdıqda hadisə yerindən qaçaraq uzaqlaşıb.
34 yaşlı Mübariz İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən M.İsmayılov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daha çox