Şahdağa dəmir yolu çəkiləcək
Bakı-Yalama dəmir yolu xəttinin əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur.
Sabah.az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır:
"Bakı-Yalama xəttinin yeniləşdirilməsi gündəmdədir və burada layihələndirmə işləri aparılır. Yolun əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur. Tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır. Biləcəri-Yalama-Biləcəri sahəsinin açılmış uzunluğu 382 kilometrdir. Yolun Biləcəridən Sumqayıta qədər olan 34 kilometri əsaslı təmir edilib, 336 kilometri isə bu layihə çərçivəsində əsaslı şəkildə yenidən qurulacaq".
QSC-dən bildirilib ki, hazırda bu xətdə elektrik, rabitə xətləri ilə bağlı işlər görülür, fiberoptik kabellər çəkilir:
"Eyni zamanda 5 yeni yarımstansiya tikilib. Bakı-Yalama xəttinin yeniləşdirilməsi bu sahədə hərəkətin təhlükəsizliyinin təmin olunmasında, gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsində mühüm rol oynayacaq".
Yalamadan Qusar rayonundakı Şahdağ xizək kurortuna da dəmir yolunun çəkiləcəyi bildirilir:
"Artıq Şahdağ istiqamətində yeni dəmir yolu xəttinin layihələndirilməsinə başlanılıb".
Daha çox