Azərbaycandan Qazaxıstana bərə daşımalarına məhdudiyyət götürüldü

İQTİSADİYYAT
19:57
4 Mart 2020
42

Koronovirusla əlaqədar Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə daşımalarına martın 5-dən tətbiq edəcəyi məhdudiyyət qərarına dəyişiklik edilib.

Sabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Azərbaycan və Qazaxıstanın aidiyyatı qurumları arasında danışıqlar aparılıb. Danışıqlardan sonra  ölkəmizdən bərə gəmilərlə Qazaxıstan istiqamətində vaqonla yanaşı, sərnişin və yük avtomobillərinin daşınmasına da icazə verilib.  Minik avtomobillərinin daşınmasına qoyulan qadağa isə qüvvədə qalıb.

“Bununla belə, İrana aid hər növ avtomobilin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri ilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək.

Qərarla əlaqədar olaraq,  ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub.

Onu da əlavə edək ki, hazırda ASCO-ya məxsus “Professor Gül” gəmi-bərəsi yükləmə üçün Ələt limanındadır. Yükləmə əməliyyatı və sənədləşmə başa çatdıqdan sonra gəmi Qazaxıstanın Kurık limanı istiqamətinə yola düşəcək”, - deyə bildirilib.

Xəbər lenti