Azərbaycanlı şirkət rəhbəri Türkiyədən ekstradisiya olundu

ÖLKƏ
12:10
11 Mart 2021
64

Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının və əlavə protokollarının tələblərinə əsasən Türkiyə Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan ərazisində  cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zalov Rövşən Azad oğlunun – 2017-ci il ərzində Bakı şəhərində özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniya Federativ Respublikasında yaşayıb işləmək üçün viza açdırmağı və göndərəcəyini vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını (pul vəsaitlərini) ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zalov Rövşən Azad oğlu barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Türkiyənin Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zalov Rövşən Azad oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Xəbər lenti